Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda regional enerji əlaqələrinin yeni mərhələsindən danışıb.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında yeni enerji körpülərinin qurulmasında mühüm rol oynayır. Nazir bu fikirləri İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun "Regional enerji bağlantısı və yaşıl keçid: çağırışlar və imkanlar" adlı sessiyasındakı çıxışında səsləndirib.
Şahbazovun sözlərinə görə, bu tədbir yalnız enerji sahəsi ilə məhdudlaşmır, eyni zamanda regionda enerji təhlükəsizliyinin gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli meydança rolunu oynayır.
Nazir vurğulayıb ki, enerji və nəqliyyat dəhlizləri, habelə elektrik şəbəkələrini birləşdirən infrastruktur obyektləri qlobal sistemin əsas damarlarına çevrilməkdədir. O, indiki dövrün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“21-ci əsrin bağlantı və inteqrasiya əsri kimi xarakterizə olunması təsadüfi deyil. Bu gün bağlantı imkanları sadəcə ölkələri və bazarları birləşdirən fiziki infrastrukturdan ibarət deyil. Bu, həm də iqtisadi və geosiyasi münasibətlərin yeni arxitekturasının təməlidir.”
Şahbazov əvvəlki dövrlə müqayisə apararaq bildirib ki, ötən əsrdə enerji xəritəsi əsasən neft-qaz yataqlarının yerləşdiyi ərazilər və əsas boru kəməri marşrutları ilə formalaşırdı. Onun sözlərinə görə, hazırkı dövrdə vəziyyət kökündən fərqlənir:
“21-ci əsrin enerji xəritəsi ölkələri, regionları və qitələri birləşdirən elektrik şəbəkələri, enerji saxlama sistemləri və yaşıl enerji koridorları ilə yenidən cızılır.”
Beləliklə, nazirin fikrincə, gələcəkdə enerji əməkdaşlığı təkcə ənənəvi mənbələr deyil, həm də şəbəkə infrastrukturu və bərpa olunan enerji layihələri üzərində qurulacaq.