İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada sənaye platformaları və azad iqtisadi zonaların investisiya cəlbi, istehsal-ixrac imkanları və Azərbaycanın regional dəyər zəncirlərinə inteqrasiyası müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi" adlı panel sessiya keçirilib. Sessiyaya "AnewZ" telekanalının baş redaktoru Qay Şoun moderatorluq edib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında Azərbaycanın əlverişli coğrafi yerləşməsindən, formalaşan sənaye ekosistemindən və inkişaf edən nəqliyyat-logistika infrastrukturundan danışıb. O bildirib ki, bu amillər ölkənin regional istehsal və ixrac mərkəzi statusunu daha da möhkəmləndirir.
Bəşirli həmçinin ölkədəki sənaye zonalarının investisiya cəlbi və iqtisadiyyatın şaxələndirilməsi üçün açdığı imkanlardan, bu zonalarda tətbiq olunan təşviq mexanizmlərindən söz açıb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika qovşaqları ilə əlaqələndirilmiş sənaye potensialının yerli istehsalçıların regional təchizat zəncirlərinə qoşulmasına və xarici bazarlara çıxışına necə töhfə verdiyi vurğulanıb. Bundan başqa, ixracın stimullaşdırılması və nəqliyyat xərclərinin dəstəklənməsi ilə bağlı yeni mexanizmlərin yerli məhsulların xarici bazarlara çıxışını daha da asanlaşdıracağı bildirilib.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış edərək rəqabət mühitinin iqtisadi inkişaf və investisiya fəallığı üçün əsas şərtlərdən biri olduğunu qeyd edib. O, bərabər rəqabət imkanlarının təmin olunması və istehlak bazarlarında şəffaflığın artırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Müzakirələrdə bir sıra beynəlxalq və yerli qurumların nümayəndələri iştirak edib:
Sessiyada Ələt Azad İqtisadi Zonasında tətbiq olunan xüsusi hüquqi-tənzimləyici çərçivə, investorlara təqdim olunan güzəştlər və ixracyönümlü istehsal imkanları barədə ətraflı məlumat verilib. Zonanın strateji coğrafi mövqeyi və hazır infrastruktur imkanlarının yüksək əlavə dəyər yaradan, innovativ və ixracyönümlü layihələrin cəlbi üçün yaratdığı üstünlüklər qeyd olunub.
Panel iştirakçıları həmçinin beynəlxalq şirkətlərin Azərbaycanda fəaliyyət və əməkdaşlıq imkanlarını, özəl sektorun inkişafında institusional və maliyyə dəstəyinin rolunu, eləcə də dayanıqlı iqtisadi artım və regional əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.