BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) "Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat" adlı konfrans təşkil edib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, FAO-nun regional nümayəndəsi Viorel Gutu və digər rəsmilər çıxış edib.
Konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, FAO-nun baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, habelə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, AXA-nın rəhbərliyi və əməkdaşları, elmi-tədqiqat institutlarının alimləri, toxum istehsalçıları və fermerlər iştirak edib.
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Məcnun Məmmədov çıxışında bildirib ki, aqrar sektorun dayanıqlı inkişafı, fermerlərin rifah halının yaxşılaşdırılması və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi Prezident İlham Əliyevin apardığı aqrar siyasətin mühüm hissəsidir. O qeyd edib ki, dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı", eləcə də yeni qəbul olunmuş "Toxumçuluq haqqında" Qanun bu sahədə əlavə imkanlar açır.
Nazirin sözlərinə görə, Aqrar Subsidiya Şurasının 2027-ci il üçün müəyyənləşdirdiyi yeni dəstək alətləri də həmin Dövlət Proqramının prioritetlərinə uyğunlaşdırılıb. İlk dəfə olaraq super elit toxumla əkilən sahələr üçün subsidiyalar artırılmış əmsalla hesablanacaq, kənd təsərrüfatı texnikası alınarkən tətbiq olunan güzəşt faizi isə 50 faizədək qaldırılacaq. Bununla yanaşı, sertifikatlı toxumdan istifadənin genişləndirilməsi üzrə iş davam etdirilir.
Nazir əlavə edib ki, FAO ilə birgə həyata keçirilən layihələr toxumçuluğun inkişafına, sertifikatlaşdırma sisteminin yaxşılaşdırılmasına və laboratoriya xidmətlərinin müasirləşdirilməsinə ciddi töhfə verib. Onun sözlərinə görə, yeni Qanunun, Dövlət Proqramının və yenilənmiş subsidiya mexanizmlərinin ardıcıl tətbiqi yerli toxum istehsalının artmasına, fermer gəlirlərinin yüksəlməsinə, idxaldan asılılığın azalmasına, ixrac potensialının genişlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Qoşqar Təhməzli çıxışında toxumçuluğun ərzaq təhlükəsizliyinin təminatında əhəmiyyətli yer tutduğunu vurğulayıb. O bildirib ki, məhsuldarlığın azalmasının qarşısını almaq, bitki sağlamlığını qorumaq və ölkəyə təhlükəli zərərvericilərin daxil olmasının qarşısını kəsmək məqsədilə idxal olunan bitkiçilik məhsullarına, əkin materiallarına və toxumlara nəzarət artırılıb.
Onun sözlərinə görə, idxal edilən toxum nümunələri virus və bakterial xəstəliklər üzrə yoxlamadan keçirilir, yalnız sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verən toxumların ölkəyə gətirilməsinə icazə verilir. AQTA sədri həmçinin qeyd edib ki, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı" çərçivəsində yeni "Bitki sağlamlığı haqqında" Qanunun qəbulu planlaşdırılır. Bu sənəd bitki sağlamlığı sahəsində hüquqi bazanın və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcək.
Viorel Gutu çıxışında FAO ilə Azərbaycan arasındakı aqrar əməkdaşlığın nəticələrindən danışıb. O bildirib ki, bu əməkdaşlıq çərçivəsində AXA-nın laboratoriya şəbəkəsi müasirləşdirilib, regionda ilk dəfə toxumluq əkin sahələrinin aprobasiya prosesi rəqəmsallaşdırılıb, həmçinin Xankəndidə müasir standartlara cavab verən laboratoriya qurulmasına metodoloji dəstək göstərilib.
Yerli toxum istehsalına investisiya yalnız kənd təsərrüfatı siyasətinə qoyulan sərmayə deyil. Bu, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd yerlərində dayanıqlı gəlirin gücləndirilməsi, eləcə də ölkənin bazar dəyişiklikləri və təchizat zəncirindəki risklər qarşısında daha hazırlıqlı olması üçün strateji əhəmiyyət daşıyır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, yeni Dövlət Proqramında kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı əsas hədəflər kimi müəyyənləşib.
O vurğulayıb ki, Dövlət Proqramında toxumçuluq kənd təsərrüfatının inkişafında strateji əhəmiyyətli sahə kimi göstərilir və aqrar sahəyə dair qanunvericilik bu inkişafın əsas istiqamətlərini özündə əks etdirir.
Konfrans panel sessiyalarla davam edib. Bu sessiyalarda yeni Dövlət Proqramının milli toxumçuluğa təsiri, ərzaq təhlükəsizliyinin təminatında toxumçuluq sektorunun rolu, qlobal yanaşmalar və beynəlxalq təcrübə, eləcə də 2026-cı ildə toxum istehsalının və aprobasiya nəticələrinin göstəriciləri, habelə qarşıdakı hədəflər barədə təqdimatlar edilib.
Müzakirələr zamanı milli toxumçuluğun elmi əsaslarla inkişafı, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən yararlanma, yüksək reproduksiyalı və sertifikatlı toxum istehsalının genişləndirilməsi, müasir seleksiya metodlarının və innovativ texnologiyaların tətbiqi, toxum istehsalçılarının dəstəklənməsi və fermerlərin keyfiyyətli toxuma çıxışının artırılması mövzularında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda toxumçuluq sahəsində uğurlu fəaliyyəti ilə seçilən toxum istehsalçılarına mükafatlar təqdim olunub.