Azərbaycan Prezidenti İlham Əliyev 15 sentyabrda Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının iştirakçıları ilə görüşündə yeni regional əməkdaşlıq modelini - Qafqaz, türk dünyası və İslam aləminin vəhdətini nəzərdə tutan formatı gündəmə gətirdi.
Dövlət başçısı çıxışında birgə fəaliyyətin, ədalətsizliyə qarşı ortaq mübarizənin nə qədər səmərəli olduğunu vurğulayaraq tarixi nümunələrə istinad edib. O, türk dünyasının və müsəlman aləminin fərqli təşkilatlar çərçivəsində gördüyü işlərdən, Azərbaycanda bu qurumlar tərəfindən təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb.
Çıxışın önəmli məqamlarından biri Qafqaz regionunun xalq və dövlətlərinin də bu birliklərə qoşularaq üçüncü bir istiqamət təşkil etməsi ideyası olub. Prezident bu fikrini əsaslandırmaq üçün paytaxtı Naxçıvan olmuş Atabəylər dövlətinin tarixinə işarə edib.
Türk dünyası və Qafqaz – bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.
Çıxışın sonunda İlham Əliyev bu fikrə yenidən qayıdaraq birliyin gücləndirici təsirini xüsusi vurğulayıb.
Mən bir də qayıdıram ön sözümə ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz.
Türk və müsəlman dünyasının müxtəlif birlik formatlarında on illərdir fəaliyyət göstərdiyi məlumdur. Amma çıxışda səslənən "Qafqaz birliyi" fikri uzun müddətdir arzu olaraq qalıb və heç vaxt konkret təşkilati formaya çevrilməyib.
Bu ideyanın kökləri 19-cu əsrə və 20-ci əsrin əvvəllərinə gedib çıxır. O dövrdə Mirzə Fətəli Axundov və bir sıra gürcü mütəfəkkirlər Qafqaz xalqlarının ortaq taleyə malik olduğunu dilə gətirmişdilər.
Rusiya imperiyasının çökməsindən sonra, 22 aprel 1918-ci ildə yaranıb 26 may 1918-ci ildə dağılan "Zaqafqaziya Demokratik Federativ Respublikası" və "Şimali Qafqaz Xalqları İttifaqı" bu fikri dövlətlərarası səviyyədə həyata keçirmək istiqamətində ilk təşəbbüs sayıla bilər. SSRİ-nin qurulması ilə bu ideya arxivə göndərilib.
Sovetlər İttifaqının çökməyə başladığı 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ideya yenidən aktuallaşıb. Həmin dövrdə Azərbaycan və Gürcüstanın liderləri ilə yanaşı, Çeçenistanın o zamankı rəhbəri Cövhər Dudayev də "Qafqaz evi" konsepsiyasını dəstəkləyib. Bu təşəbbüs bütün Cənubi və Şimali Qafqaz xalqlarının vahid ad altında birləşməsini nəzərdə tuturdu.
Sonrakı ciddi addım isə rəsmi dövlət səviyyəsində atılıb. 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze Tbilisidə "Sülh, sabitlik və təhlükəsizlik bəyanatı"nı imzalayaraq "Sülhsevər Qafqaz" və "Ümumi Qafqaz Evi" təşəbbüslərinə rəsmi dəstəklərini bildiriblər.
Tarix boyu edilən bu cəhdlərin hamısı müəyyən səbəblərdən uğursuz olub. Əsas maneələr sırasında region ölkələri arasındakı etnik və ərazi münaqişələri, bölgəyə nüfuz uğrunda mübarizə aparan böyük dövlətlərin müxtəlif maraqları, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistanın fərqli xarici siyasət prioritetləri göstərilir.
Bu gün vəziyyət dəyişib: Ermənistanla Azərbaycan arasındakı münaqişə rəsmən başa çatıb, regionda təsir sahibi olan böyük güclər xeyli zəifləyib və proseslərə müdaxilə imkanları azalıb. Eyni zamanda, Cənubi Qafqaz dövlətlərinin xarici siyasət prioritetləri bir çox məsələlərdə üst-üstə düşməyə başlayıb. Bu şərait daxilində tarixi ideyanın yenidən gündəmə gəlməsi məntiqli görünür.
Diqqətəlayiq məqam odur ki, Azərbaycan dövlət başçısı təkcə "Qafqaz birliyi"ndən deyil, daha geniş miqyaslı "Qafqaz-Türk-İslam" formatından danışır. Bu təklif bugünkü reallıqdan çox, gələcəyə hesablanmış strateji baxış kimi qiymətləndirilə bilər.
Hazırda Rusiya konstitusiyası çərçivəsində rəsmən respublika statusuna malik 7 Şimali Qafqaz subyekti mövcuddur:
Rusiyanın bölgədəki nüfuzunun zəifləməsi fonunda bu respublikaların hər birinin gələcəkdə müstəqil dövlətə çevrilmə ehtimalı artmaqdadır. Eyni prosesin təsiri ilə Gürcüstanın daxili problemlərinin də aradan qalxaraq ölkənin tam suverenliyinə qovuşacağı vaxt uzaq deyil.
Belə bir ssenaridə tam müstəqil dövlətlərdən ibarət Qafqaz regionunun vahid təşkilatda birləşərək həm türk dövlətləri, həm də islam ölkələri qurumları ilə sıx əməkdaşlıq etməsi mümkün görünür. Bu zaman Ermənistanın belə bir birlikdən kənarda qalması onun regionun ən zəif həlqəsinə çevrilməsi ilə nəticələnə bilər, ona görə də Ermənistanın prosesə qoşulmayacağı ehtimal olunmur.
Bax məhz bu kontekstdə Azərbaycan Prezidentinin çıxışında verdiyi qlobal mesajın və yeni birlik formatının real mənası daha aydın olur. Tarixdə dəfələrlə arzu edilən ideyaların bir-bir gerçəkləşdiyi indiki şəraitdə, bu formatın da yaxın gələcəkdə həyata keçəcəyinə əsaslar var. Azərbaycanın burada təkcə üzv deyil, həm də qurucu, ideya müəllifi və əsas hərəkətverici qüvvə rolunu oynayacağı vurğulanır.
Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir.