Türkiyəli məşhur aktyor Kadir İnanır vəfatından əvvəl hazırladığı son vəsiyyətnamədə bütün maddi və mənəvi hüquqlarını 27 illik həyat yoldaşı, aktrisa Jülide Kurala buraxıb.
Türkiyə kinosunun tanınmış siması Kadir İnanırın vəfatından sonra mirası ilə bağlı yeni detallar üzə çıxıb. Aktyorun bütün var-dövləti ona 27 il ömür yoldaşlığı edən aktrisa Jülide Kurala qalıb.
Aktyorun vəkili Bişar Abdi Alınakın verdiyi məlumata görə, Kadir İnanır ilk vəsiyyətnaməsini 2015-ci ildə tərtib edib, lakin sonradan bu sənədi ləğv edib. Onun yerinə 2022-ci ildə yeni vəsiyyətnamə hazırlanıb və mirasla bağlı son qərar elə bu sənəddə əksini tapıb.
Son sənədə əsasən, aktyorun sahib olduğu üç avtomobil, daşınmaz əmlaklardakı bütün paylar və hüquqlar, bank və investisiya hesablarındakı vəsaitlər, faiz gəlirləri, şəxsi kolleksiyalar, sənət əsərləri, maddi-mənəvi dəyəri olan əşyalar, habelə bütün alacaq və müəlliflik hüquqları Jülide Kurala verilib.
Bundan əlavə, Kadir İnanırın həyatı barədə sənədli film çəkilməsinə, yaxud onun adına dərnək, fond, park və ya sənət mərkəzi yaradılmasına icazə vermək səlahiyyəti də Jülide Kurala tapşırılıb. Belə layihələr həyata keçirilərsə, onların müəlliflik hüquqları da yenə Kurala aid olacaq.
Vəsiyyətnamədə həmçinin Jülide Kuralın Kadir İnanırdan əvvəl dünyasını dəyişməsi ehtimalı da nəzərdən qaçırılmayıb. Bu halda mirasın İnsan Hüquqları Dərnəyi, Türkiyə İnsan Hüquqları Fondu və Nesin Fondu arasında bərabər bölüşdürülməsi şərti qoyulub.
Sənədin sonunda Kadir İnanır mirasçılarına belə müraciət edib:
“Mirasçılarımdan son istəyim və arzum, vəsiyyətimə əməl etmələridir”
Məlumata görə, Kadir İnanırdan qalan mirasın ümumi dəyərinin təxminən 1 milyard Türkiyə lirəsi civarında olduğu iddia edilir. Bunun böyük hissəsini İstanbul, Ordu və digər bölgələrdəki daşınmaz əmlaklar təşkil edir ki, onların dəyəri təxminən 650 milyon lirə hesablanır.
Aktyorun şəxsi əşyaları arasında 25-dən artıq lüks saat, qızıl alışqan, üzük və qələmlər var. Bu əşyaların ümumi dəyərinin təxminən 50 milyon lirə olduğu bildirilir. Kadir İnanırın illər boyu dünyanın müxtəlif guşələrindən topladığı 3 mindən çox qurbağa fiqurundan ibarət kolleksiyasının dəyəri isə təxminən 35 milyon lirə olaraq qiymətləndirilir.
Aktyorun kino və televiziya sahəsindəki fəaliyyətindən yaranan müəlliflik hüquqlarının ölümündən sonra 70 il müddətində varislərinə gəlir gətirəcəyi qeyd olunur. Bildirilir ki, bu gəlirin illik orta məbləği 10 milyon lirəyə çatacaq. Bundan başqa, aktyorun bank hesablarında 200 milyon lirədən çox nağd vəsaitin olduğu da iddia edilir.
Qeyd edək ki, Kadir İnanır 2025-ci ilin iyun ayının 26-da 77 yaşında vəfat edib.