Bakının Xətai rayonunda fəaliyyət göstərən “Kristal Estetik” klinikasında qanunsuz kosmetoloji əməliyyat aparıldığı aşkarlanıb, nəticədə müəssisə və onun rəhbəri ümumilikdə 29 min manat məbləğində cərimə edilib.
Baş Prokurorluğun məlumatına görə, klinikada gözüstü dəri artıqlığının götürülməsi əməliyyatından sonra bir vətəndaşın sağlamlığına ziyan dəydiyi barədə şikayət daxil olub. Bu müraciət əsasında Xətai rayon prokurorluğu araşdırmaya başlayıb.
Araşdırma zamanı “Kristal Estetik” MMC-nin Aytəkin Musayeva adlı işçini əmək müqaviləsi rəsmi qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq kimi işə cəlb etdiyi müəyyən edilib. Bundan əlavə, Musayevanın ali tibb təhsilinin olmadığı və aparılan prosedurla bağlı heç bir tibbi sənədləşmənin yaradılmadığı ortaya çıxıb.
Aşkar edilən pozuntularla bağlı Xətai rayon prokurorluğu “Kristal Estetik” MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində inzibati xəta haqqında iş başladıb. İş İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi) və 215.4-cü (ali və ya orta ixtisas tibb təhsili, habelə müvafiq sertifikatı olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması) maddələri üzrə baxılmaq üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, “Kristal Estetik” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20 min manat, 215.4-cü maddəsi ilə isə 6 min manat cərimə olunub. Cəmiyyətin direktoru Roza Əliyeva isə həmin Məcəllənin 192.1-ci maddəsi ilə 3 min manat məbləğində inzibati qaydada cəzalandırılıb.