"Doktorlar" serialının sevilən personajları "Ela" və "Levent"i canlandıran Yasemin Ergene və Kutsi 18 ildən sonra "Tuzlu Kahve" serialında yenidən eyni kadrda göründülər.
Türk televiziya tarixinin ən çox izlənən layihələrindən biri sayılan "Doktorlar" serialının baş qəhrəmanları uzun fasilədən sonra yenidən bir arada çəkiliş meydanına qayıdıb. Serialda "Ela" və "Levent" rollarını ifa edən Yasemin Ergene və Kutsi indi "Tuzlu Kahve" adlı yeni layihədə birgə oyunları ilə tamaşaçıların qarşısına çıxıblar.
Yeni bölümün tanıtım videosunda ikilinin üz-üzə gəldiyi anlar sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirə mövzusuna çevrilib. Kanalın rəsmi hesablarında paylaşılan həmin görüntülər qısa zamanda minlərlə baxış toplayıb.
Köhnə sevimli personajların yenidən qarşılaşması sosial media istifadəçilərini də sakit qoymayıb. Şərhlərdə keçmiş hekayəyə istinadlar edilib, bir istifadəçi isə belə yazıb:
Bu dəfə ədalətsizliyi çamadana yığmaq Leventin növbəsidir
Bu ifadə "Doktorlar"ın məşhur final səhnəsinə eyham olub, hansı ki, o zaman "Ela" toy günündə tərk edilmişdi.
2006-2010-cu illər arasında ekranlara gələn "Doktorlar" serialında "Ela" və "Levent" personajları əsas xətlərdən birini təşkil edirdi. Serialın 66-cı bölümündə cütlük evlənməyə hazırlaşsa da, "Levent" nişanlısının ondan nəsə gizlətdiyini öyrənəndən sonra toy mərasimini tərk edib və "Ela"nı gəlinlik paltarında tək qoyub.
İllər sonra taleyin gətirdiyi yeni layihədə iki aktyor yenidən eyni kadrda birləşib. Kutsi 22 sentyabr tarixindən etibarən "Tuzlu Kahve" serialının heyətinə qonaq ulduz statusunda qoşulub, Yasemin Ergene isə həmin serialda Elit adlı personajı canlandırır.