Masallı sakini: Piyadanın ölümünə həkim səhvi səbəb olub
23 sen 2026 Post redaksiyası 5 4 dəq

Masallı sakini: Piyadanın ölümünə həkim səhvi səbəb olub

Masallı rayonunda avtomobillə vurduğu piyadanın ölümünə görə barəsində cinayət işi açılan Xəyal Əzizov iddia edir ki, Famil Əhədovun ölümünə yol qəzası deyil, sonradan keçirdiyi cərrahi əməliyyat səbəb olub.

Masallı rayonunda 2025-ci ilin sentyabr ayında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı barəsində cinayət işi açılan Xəyal Əzizov bildirir ki, qəzada xəsarət alan şəxsin vəfatı əslində həkim məsuliyyətsizliyinin nəticəsidir. O, hadisənin və ondan bir neçə gün sonra baş verən ölümün əlavə araşdırılmasını tələb edir.

Qəza necə baş verdi

Əzizovun sözlərinə görə, hadisə küçə işıqlandırması olmayan və çiskin hava şəraitində baş verib. O, vəziyyəti belə təsvir edir:

“18 sentyabr 2025-ci il tarixdə, 18:30 radələrində Masallı rayon Qızılağac yolunun Şıxlar kənd ərazisindən keçən zaman əvvəllər tanımadığım Əhmədov Famil Faiq oğlunu küçə işıqlandırılması olmadığından, hava şəraiti çiskin olduğundan öz yolumda maşınla vurdum. Dərhal maşını saxlayıb köməklik göstərib onu Masallı rayon Bioloji Təbabət xəstəxanasına çatdırdım. Vurduğum şəxsin səhhəti tam normallaşdıqdan sonra 24 sentyabrda onun üzərində vacib olmayan bud-çanaq əməliyyatı olundu. 25 sentyabrda səhər saatlarında qəfil vəfat etdi”.

Ölüm və barışıq prosesi

Şikayətçinin bildirdiyinə görə, meyit morqa aparılsa da, daxili müayinədən keçirilmədən dəfn olunub. İstintaq zamanı ölüm səbəbinin tam müəyyənləşdirilməsi üçün meyitin yarılması barədə vəsatət qaldırdığını, lakin qarşı tərəfin barışıq təklif etdiyini bildirən Əzizov deyir:

“Meyitin yarılmaması barədə sübutlar var. İstintaq dövründə meyitin yarılması, ölüm səbəbinin tam müəyyənləşməsi barədə vəsadət qaldırdım, qarşı tərəf “barışıq verirəm” deyib vəsatətimi geri çəkməyimi xahiş etdi. Mən də barışığa əsasən vəsatətimi geri götürdüm. İş məhkəməyə barışıq əsasında göndərildikdən sonra məni məhkəmə binasına çağırdılar. Hakim Elşən Hüseynovun göstərişi ilə məndən 7000 AZN pul tələb etdilər, mən isə pulumun olmadığını bildirdim. Qarşı tərəfin hüquqi varisi, yəni mərhumun atası Faiq Əhmədov iki məhkəmə iclasında şikayətçi olmadığını bildirsə də, işi aparan keçmiş hakim Elşən Hüseynovun göstərişi ilə pul məsələsində razışlaşmadığıma görə qarşı tərəfdən məndən şikayətçi olmağı tələb etdi”.

Şikayətin yenidən qaldırılması

Əzizovun sözlərinə görə, bundan sonra qarşı tərəf ondan şikayət ərizəsi yazıb məhkəməyə təqdim edib. Növbəti iclasda mərhumun atası iştirak etməsə də, oğlu atasının şikayətçi olduğunu bildirib:

“Növbəti məhkəmə iclasına Familin atası Faiq gəlməsə də, oğlu gəlib atasının ərizə verib şikayətçi olduğunu bildirdi. Bu zaman prokuror oğluna sual verdi ki, bəs atan iki dəfə məhkəmə iclasında şikayətçi olmadığını bildirib. İndi şikayətçi olmağının səbəbi nədir? Oğlu isə suala cavab olaraq bildirdi ki, atam qardaşımın ekskumasiya olunmağından qorxdu, mən isə atama onsuz dünyasını dəyişib, qoy ekskumasiya olunsun dedim. Atam da buna görə şikayətçi oldu”.

Yeni hakim və ekspert ifadələri

Şikayətçi bildirib ki, hakim Elşən Hüseynovun hakimliyinə artıq xitam verilib və iş yeni hakimin icraatına keçib:

“Barəmdə açılmış cinayət işi hakim Zaur Tağıyevə həvalə edildi. Zaur Tağıyevin dövründə gedən prosesdə həkimlərin məndə olan səs yazılarını hakimə təqdim etdim və vəkilim Bioloji Təbabətin həkimlərinin məhkəmədə dindirilməsini hakimdən xahiş etdi. Ekspert məhkəmədə verdiyi ifadədə meyitin yarılma fotolarının olduğunu bildirsə də, növbəti məhkəmə iclasında bunu təkzib etdi, fotoların olmadığını dedi”.

Əzizov üzləşdiyi vəziyyətin ədalətli araşdırılmasını istəyir. Onun sözlərinə görə, mərhumun ölümünə yol qəzası zamanı aldığı xəsarətlər səbəb olmayıb və iş yenidən nəzərdən keçirilməlidir.

Məhkəmənin mövqeyi

Masallı Rayon Məhkəməsi sorğuya cavabında bildirib ki, qeyd olunan cinayət işi hazırda məhkəmənin icraatındadır və məhkəmə baxışı davam edir:

“Tərəflərin irəli sürdüyü iddialara və iş üzrə əhəmiyyət kəsb edən digər hallara yalnız məhkəmə araşdırması zamanı təqdim olunan sübutların tam, hərtərəfli və obyektiv tədqiqinin nəticələrinə əsasən hüquqi qiymət veriləcək. Məhkəmə baxışı yekunlaşmadığından işin mahiyyəti və nəticəsi ilə bağlı əvvəlcədən mövqe bildirilməsi yolverilməzdir”.

Qeyd edilib ki, Əzizov barəsində əvvəlcə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə iş açılsa da, ölüm faktına görə sonradan iş 263.2-ci maddəyə tövsif edilib. Onun barəsindəki məhkəmə prosesi hazırda davam edir.