FHN: ot tayaları ilə tikili arasında 50 metr məsafə vacibdir
22 sen 2026 Post redaksiyası 3 2 dəq

FHN: ot tayaları ilə tikili arasında 50 metr məsafə vacibdir

Fövqəladə Hallar Nazirliyi kənd yerlərində yaşayan vətəndaşlara müraciət edərək, ot tədarükü zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirib.

Fövqəladə Hallar Nazirliyi ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində apardığı işləri davam etdirir. Nazirlik bildirib ki, baş vermiş yanğınların təhlili zamanı müəyyən edilib ki, qeydə alınan hadisələrin bir qismi kənd və qəsəbələrdə fərdi evlərin həyətyanı sahələrində toplanan ot tayaları ilə bağlıdır.

FHN vurğulayıb ki, geniş maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşlar hazırladıqları otu yaşayış evlərinin və köməkçi tikililərin çardağına, habelə binaların yaxınlığına və hava elektrik xətlərinin altına yığmaqda davam edir. Bu isə yanğın təhlükəsizliyi normalarının kobud pozuntusuna səbəb olur və ağır nəticələrlə müşayiət olunan yanğınlara gətirib çıxarır.

Yanğınların əsas səbəbləri

Nazirliyin açıqlamasına görə, kənd yerlərində geniş yayılmış təndirlərdən və sobaların bacalarından çıxan qığılcımlar, elektrik xətlərində yaranan qısaqapanmalar, oda etinasız yanaşma, atılmış yanan siqaret qalıqları, həmçinin nəzarətsiz uşaqların odla oynaması tez alovlanan ot tayalarının yanmasına səbəb olan başlıca amillərdir. Bu hadisələr çox zaman ağır fəsadlarla nəticələnir.

Yalnız cari ilin sentyabr ayının keçən günləri ərzində bu səbəbdən 22 yanğın hadisəsi qeydə alınıb.

Məsafə normaları xatırladılıb

FHN kənd sakinlərinə, xüsusən ot tədarükü ilə məşğul olanlara müraciət edərək mövcud qaydalara sözsüz riayət etməyi tövsiyə edib. Qüvvədə olan normalara əsasən:

  • Ot tayası ilə tikililər arasında minimum 50 metr məsafə saxlanılmalıdır;
  • Elektrik xətlərindən azı 15 metr aralı olmalıdır;
  • Avtomobil yollarından isə ən azı 20 metr məsafə gözlənilməlidir.

Nazirlik vətəndaşları diqqətli olmağa çağıraraq bildirib ki, qaydalara laqeyd yanaşma insan həyatı üçün ciddi risk yaradır. Təhlükəli vəziyyətlə üzləşən şəxslərə 112 nömrəli xətlə əlaqə saxlamaları tövsiyə olunur.