Sultan Qasımovun məhkəməsi yenidən təxirə salındı
22 sen 2026 Post redaksiyası 4 2 dəq

Sultan Qasımovun məhkəməsi yenidən təxirə salındı

Sankt-Peterburqda Azərbaycanın sabiq Baş konsulu olmuş Sultan Qasımovun dələduzluq ittihamı ilə bağlı məhkəmə prosesi vəkilin iştirak etməməsi səbəbindən ikinci dəfə təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün keçirilməli olan hazırlıq iclası baş tutmayıb. Külli miqdarda dələduzluqda ittiham olunan Sultan Qasımovun müdafiəçisi məhkəməyə gəlməyib.

Vəkil bunu Gəncə və Şamaxı şəhərlərində baxılan digər işlərlə əlaqələndirib, həmin gün oralarda olmalı olduğunu bildirib.

Hakim və prokuror sərt reaksiya verib

Prosesə rəhbərlik edən hakim Firdovsi Əliyev və dövlət ittihamçısı Rauf Malışov vəkilin davamlı olaraq iclaslara gəlməməsinə etiraz ediblər. Onların fikrincə, bu, işin süni şəkildə uzadılmasına xidmət edir.

Qeyd olunub ki, bundan əvvəlki proses də təqsirləndirilən şəxsin ittiham aktını əlinə almaması ucbatından baş tutmamışdı. Nəticədə vəkilin bu dəfə də iştirak etməməsi işə növbəti dəfə fasilə verilməsinə səbəb olub. Məhkəmə iclası 30 sentyabr tarixinədək təxirə salınıb.

Sultan Qasımov kimdir

Polkovnik rütbəsi daşıyan Sultan Qasımov 2009-2024-cü illər arasında Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq və Sankt-Peterburq şəhərlərindəki Baş konsulluqlarında çalışıb. O, iki nəfəri dələduzluq yolu ilə aldadaraq onlara 200 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur.

Hazırda Sultan Qasımov həbsxanada saxlanılmır, barəsində alternativ qətimkan tədbiri seçilib. Qeyd edilməlidir ki, o, Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.