Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini tam şəkildə dəstəklədiklərini açıqlayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə ilə ABŞ arasındakı əməkdaşlığın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində birgə addımlarla davam edə biləcəyini bildirib. Bu fikirlər Nyu-Yorkda keçirilən və Türkiyə-ABŞ münasibətlərinin 100 illiyinə həsr olunmuş panel çərçivəsində səsləndirilib.
Nazir çıxışında Qafqaz regionuna da toxunaraq, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının Türkiyə tərəfindən tam mənada müdafiə olunduğunu vurğulayıb.
Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik.
Hakan Fidan həmçinin Qara dənizdə mövcud gərginliyin azaldılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, məqsəd gəmilərin təhlükəsiz hərəkətini təmin etmək və Qara dənizi problem mənbəyi kimi deyil, əməkdaşlıq platforması kimi formalaşdırmaqdır.
Nazir Ukraynada davamlı sülhün əldə olunması üçün dialoq və diplomatik yolların önəmli olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə Türkiyənin həm Kiyevlə, həm də Moskva ilə əlaqə kanallarını açıq saxladığını bildirib.