Bakıda IV Təhlükəsizlik Forumu keçirildi
24 sen 2026 Post redaksiyası 3 2 dəq

Bakıda IV Təhlükəsizlik Forumu keçirildi

Sentyabrın 22-də Bakıda Dövlət Təhlükəsizlik Xidmətinin təşkilatçılığı ilə 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri iştirakında IV Bakı Təhlükəsizlik Forumu keçirilib.

Sentyabrın 22-də Bakıda “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu (BTF) baş tutub. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, eləcə də 100-dən artıq dövlətin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək vəzifəli şəxsləri iştirak edib. Forumun təşkilatçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) olub.

Tədbir rəsmən açıldıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Ardınca konfransın mövzusuna dair videomaterial nümayiş etdirilib.

DTX rəisi forumun əhəmiyyətindən danışıb

Tədbirdə çıxış edən DTX rəisi, general-polkovnik Əli Nağıyev, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hər il əhatə dairəsi böyüyən bu forumun qonaqlarını yenidən Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib. O, bu cür mötəbər tədbirlərin aktual məsələlərin peşəkar səviyyədə müzakirəsi üçün geniş şərait yaratdığını, xüsusi xidmət və təhlükəsizlik qurumları arasında mühüm dialoq meydanına çevrildiyini vurğulayıb.

Əli Nağıyev bildirib ki, qlobal təhlükəsizlik sistemi hazırda ciddi keçid mərhələsindən keçir, ənənəvi mexanizmlər isə yeni təhdidlərə operativ reaksiya verməkdə çətinlik çəkir. Bu baxımdan etibarlı əməkdaşlığın vacibliyi xüsusi qeyd olunub.

Sərhəd təhlükəsizliyi kifayət etmir

DTX rəhbəri müasir dövrdə təhlükəsizlik anlayışının sadəcə sərhədlərin qorunması ilə məhdudlaşmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, davam edən münaqişələr regional proseslərə, eləcə də enerji və ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir.

BMT ilə birgə yan tədbir keçirilib

Forum çərçivəsində DTX və Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrorçuluğa Qarşı Mübarizə Ofisi birlikdə “Operativ tərəfdaşlıqlar vasitəsilə milli terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi” adlı əlavə tədbir təşkil edib.

Bu tədbirdə iştirakçılar müasir texnologiyaların yaratdığı terror təhdidlərinə qarşı milli və beynəlxalq səviyyədə əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsini müzakirə ediblər. Həmçinin BTF platformasının bir hissəsi olan Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi müasir alətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.