Zakir Həsənov hərbi polisin fəaliyyəti ilə tanış oldu
21 sen 2026 Post redaksiyası 9 2 dəq

Zakir Həsənov hərbi polisin fəaliyyəti ilə tanış oldu

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün ön əməliyyat bazasında görülən işlərlə tanış olub.

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında aparılan fəaliyyətə baxış keçirib.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini, Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin gördüyü işlər, ön əməliyyat bazasının fəaliyyəti və qoşun xidmətinin təşkili barədə məlumat verib.

Qeyd olunub ki, ƏİK bazasında aparılan tədbirlər NATO-nun uyğun standartlarına cavab verir və sülhməramlı əməliyyatlarda qoşunların qarşılıqlı fəaliyyət göstərmə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.

Təlim mərkəzlərinə baxış keçirilib

Bölmənin ərazisində formalaşdırılan infrastrukturla tanış olan rəhbər heyət yataqxana, idman və atəş şəhərciklərini, həmçinin mühəndis, kəşfiyyat və sürücülük hazırlığı üzrə təlim mərkəzlərini gəzib. Bundan əlavə, hərbi texnikaya da baxış keçirilib.

NATO proqramına hazırlıq izlənilib

Rəhbər heyət cari ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan NATO-nun ƏİK Qiymətləndirmə və Rəy proqramı çərçivəsində birinci səviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq məqsədilə aparılan döyüş hazırlığı prosesini müşahidə edib.

Müdafiə naziri tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların döyüş hazırlığının artırılması, həmçinin onların maddi-texniki təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub. Bölmənin ərazisində isə xatirə ağacları əkilib.