Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, “myGov” platformasından istifadə edənlərin sayını bu ilin sonunadək 5 milyona çatdırmaq planlaşdırılır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “myGov” platformasının istifadəçi bazasının genişləndirilməsi ilə bağlı planlardan danışıb. Bu barədə o, “İntellektual iqtisadiyyatlar: süni intellekt, innovasiya və rəqəmsal transformasiya” mövzusunda keçirilən sessiyada çıxış edərkən bildirib.
Nazir müavini dünyada süni intellekt sahəsində baş verən dəyişikliklərə toxunaraq deyib ki, 2019-cu ildə cəmi 30-a yaxın ölkənin süni intellekt strategiyası mövcud idi, hazırda isə bu göstərici 100-dən çox dövləti əhatə edir. Onun sözlərinə görə, bu sahədə öncül olan ölkələrin bir qismi artıq öz strategiyalarının ikinci və ya üçüncü versiyasını tətbiq edir.
“Hətta ən inkişaf etmiş ölkələr belə bəzən öz baxışlarını və strategiyalarını həyata keçirməkdə, icra etməkdə çətinlik çəkirlər. Buna görə də bu gün söhbət təkcə baxışdan, yəni vizyondan getmir, həm də icra prosesinin sürəti və keyfiyyətindən gedir”
Rəşad Həsənov qeyd edib ki, hazırkı mərhələ Azərbaycan üçün də əlverişli zamandır. O, bu sahədə görülən işləri və gələcək hədəfləri aşağıdakı kimi izah edib:
“Rəqəmsallaşma ilə bağlı ən son sənəd bu ilin fevral ayında baş tutdu. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nı qəbul etdi. Bu sənəd rəqəmsal inkişafın dörd əsas sütununu əhatə edir və 56 təşəbbüsü əhatə edir. Dövlət sektorunda rəqəmsallaşma Azərbaycanda böyük irəliləyiş əldə edib. Bu gün “myGov” platformasının 10 milyonluq ölkə əhalisi üçün 4 milyondan çox istifadəçisi var. Düşünürəm ki, 4 milyon istifadəçi dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün çox faydalı bir başlanğıcdır və bu ilin sonuna qədər bu rəqəmi 5 milyona çatdırmağı planlaşdırırıq. Çox sayda dövlət xidməti artıq rəqəmsallaşdırılıb və ya rəqəmsallaşma yolundadır. Dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə rəqəmsallaşma yol xəritələrini qəbul edirlər və biz onlara bu yol xəritələrini icra etməkdə kömək edirik”