Abşeron rayonunun Masazır kəndindəki "Tripalma" restoranından gecə saatlarında yayılan yüksək səs-küy yerli sakinləri narazı salıb, obyektin isə məşhur meyxanaçı Namiq Mənaya məxsus olduğu ortaya çıxıb.
Masazır kəndində yerləşən "Tripalma" restoranından gecə saatlarında ətrafa yayılan güclü musiqi səsi sakinlərin gileyinə səbəb olub. Yaşayış massivində əhali televiziyaya müraciət edərək vəziyyəti bildirib. Deyilənlərə görə, bəzi gecələr musiqi və meyxana deyişmələri saat 2-yə qədər davam edir.
Çəkiliş qrupu obyektdə olarkən onları məşhur meyxanaçı Namiq Məna şəxsən qarşılayıb. O bildirib ki, saat 23:00-dan sonra musiqinin səsi aşağı salınır. Sənətçi qonşuluqdakı binalarda yaşayanların narahatçılığını nəzərə alacaqlarını da vurğulayıb:
İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq.
Namiq Mənanın həmin obyektdə dəqiq hansı qaydada fəaliyyət göstərdiyi açıqlanmır. Bununla belə, məlumdur ki, meyxanaçının Abşeron rayonu ərazisində bir neçə restoranı var.
Xatırlanmalıdır ki, bir müddət əvvəl onun mülkiyyətində olan və Saray qəsəbəsində yerləşən "Mor-Mor" restoranında dava düşmüş, bu hadisə ilə bağlı bir nəfər həbs olunmuşdu.