"Azera Holding"in tərkibindəki "Vetart" şirkəti Nərimanov Rayon Bələdiyyəsi ilə birlikdə sahibsiz heyvanların qayğısına qalmaq üçün sosial layihəyə start verib.
"Vetart" şirkəti və Nərimanov Rayon Bələdiyyəsinin birgə səyi ilə "Sev və qayğı göstər" adlanan sosial təşəbbüs reallaşdırılıb. Təşəbbüsün əsas hədəfi küçə pişiklərinə etibarlı sığınacaq təmin etmək, onların qidalanmasına dəstək olmaq və cəmiyyətdə heyvanlara həssas münasibəti inkişaf etdirməkdir.
Layihə çərçivəsində Bakının Nərimanov rayonuna aid Koroğlu Rəhimov, Sabit Rəhman, Ələsgər Qayıbov, Təbriz və digər küçələrdəki yaşayış massivlərində pişiklər üçün xüsusi yuvalar yerləşdirilib. Bundan başqa, "Araz" market şəbəkəsinin qarşısında da belə yuvalara yer verilib.
Soyuq havalardan qorunma məqsədilə yuvaların hazırlanmasında istilik saxlayan izolyasiya materialları istifadə olunub. Hər yuvaya "Vetart" şirkətinin istehsalı olan pişik yemi, eləcə də su və yem qabları qoyulub.
Əlavə olaraq, yemin ehtiyat kimi saxlanması üçün ayrıca bölmə də nəzərdə tutulub. Bu, ətrafda yaşayan insanlara pişiklərin qidalandırılmasını davamlı şəkildə həyata keçirmək imkanı yaradır.
Unutmayaq ki, hər bir canlının isti yuvaya, bir qab su və bir ovuc yeməyə ehtiyacı var.
"Vetart" MMC Azərbaycanda heyvandarlıq, quşçuluq və balıqçılıq təsərrüfatları üçün, həmçinin it, pişik və digər ev heyvanları üçün keyfiyyətli məhsullar təklif edən şirkətlərdən biri kimi tanınır.
Bu gün şirkətin çeşidində 300-dən çox baytarlıq preparatı, balıqçılıq təsərrüfatları üçün yemlər, ev heyvanları üçün qida məhsulları, yem əlavələri, mineral-vitamin kompleksləri və müxtəlif aksesuarlar yer alır.