AzerGold sədri: Ölkənin mineral resursları xəritələnəcək
24 sen 2026 Post redaksiyası 4 3 dəq

AzerGold sədri: Ölkənin mineral resursları xəritələnəcək

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, ölkə ərazisinin 15 min kvadratkilometrlik hissəsini əhatə edən geoloji tədqiqatlar davam etdirilir və bu işlərin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

“AzerGold” QSC mineral resurs bazasının genişləndirilməsi istiqamətində uzun müddətdir geniş həcmli işlər həyata keçirir. Şirkətin rəhbəri Zakir İbrahimov bu gün keçirdiyi brifinqdə bildirib ki, dövlət büdcəsi hesabına aparılan ilkin axtarış-qiymətləndirmə işləri 15 min kvadratkilometr ərazini əhatə edir.

“Hazırda ilkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min km² ərazini əhatə edən geoloji tədqiqatlar davam etdirilir və bu işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır”.

Onun sözlərinə görə, bu tədqiqatların yekunlaşması nəticəsində işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, Azərbaycanın bütün mineral resurs potensialının xəritəsi hazırlanacaq.

Qızıl-mis sahələri və Naxçıvandakı birgə layihə

Zakir İbrahimov qeyd edib ki, hazırda axtarış-qiymətləndirmə mərhələsində 10 perspektivli qızıl-mis sahəsi mövcuddur və onların ehtiyatlarının qiymətləndirilməsi davam edir. Bu prosesin də 2027-ci ildə başa çatdırılması nəzərdə tutulub.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikası ərazisində Birləşmiş Ərəb Əmirlikləri şirkəti “International Resources Holding” ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində birgə müəssisə yaradılması nəzərdə tutulur. Bu müəssisənin ilkin axtarış-qiymətləndirmə işlərinə başlaması üçün hazırlıq tədbirləri intensiv şəkildə davam etdirilir.

“Hazırda axtarış-qiymətləndirmə mərhələsində 10 perspektivli qızıl-mis sahəsi var, onların resursları qiymətləndirməsi davam edir və bu prosesin də 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının hüdudları daxilində bir müddət əvvəl Birləşmiş Ərəb Əmirlikləri şirkəti - “International Resources Holding” ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə tərəfindən ilkin axtarış -qiymətləndirmə işlərinə intensiv hazırlıq işləri görülür”.

“AzerGold”un portfelindəki yataqlar üzrə ehtiyatlar

İdarə Heyətinin sədri bildirib ki, ilkin kəşfiyyat mərhələsində şirkətin portfelinə daxil olan 5 yataq mövcuddur və bu yataqlar üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi işi davam etdirilir.

“Naxçıvanda yerləşən Göydağ və Başkənd, eləcə də Balakəndə yerləşən Mazımçay mis yataqları üzrə müvafiq olaraq təxminən 375 min, 289 min və 849 min GEO ilkin resurs müəyyən edilib. Bu üç yataq üzrə ümumi ilkin resurs təxminən 1,5 milyon GEO təşkil edir. Naxçıvanda yerləşən Nəsirvaz polimetal və Kəlbəcərdə yerləşən Tutxun qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir”.

Beləliklə, Göydağ, Başkənd və Mazımçay yataqları üzrə ümumi ilkin resurs 1,5 milyon GEO-ya çatıb, Nəsirvaz polimetal yatağı və Tutxun qızıl yatağı üzrə isə hesablamalar hələ də davam edir.