Dünyanın ən quraq yeri sayılan Atakama səhrasında güclü yağışlardan sonra minlərlə hektar ərazi bənövşəyi və ağ çiçəklərlə örtülüb.
Çilinin şimalında yerləşən Atakama səhrasının mənzərəsi bu dəfə tanınmaz dərəcədə dəyişib. Adətən quru və çılpaq görünən torpaqlar indi rəngarəng çiçək xalçasına bənzəyir.
Bu qeyri-adi hadisənin arxasında "El Nino" iqlim hadisəsi ilə bağlı yağan bol yağışlar dayanır. İllər boyu torpağın dərinliklərində gizlənən toxum və soğanaqlar nəm sayəsində canlanaraq cücərib.
Mütəxəssislərin bildirdiyinə görə, Atakama torpağının altında təxminən 200 fərqli bitki növünə məxsus toxum və soğanaq uyğun şərait üçün illərlə gözləyə bilir. Bu dəfə intensiv yağışlar həmin toxumların bir hissəsinin eyni vaxtda cücərib çiçək açmasına səbəb olub.
Nəticədə səhranın müəyyən sahələri tamamilə fərqli görkəm alıb və bu nadir mənzərəni izləmək üçün çoxlu sayda ziyarətçi bölgəyə axışıb.
Bu il yağıntıların miqdarı adətən müşahidə olunandan xeyli çox olub — bəzi ərazilərdə göstərici 180 millimetri ötüb. Çili Milli Meşəçilik Agentliyinin (CONAF) Atakama biomüxtəlifliyi üzrə məsul şəxsi Sezar Pizarro bu qədər yüksək göstəricinin əvvəlki müşahidələr zamanı qeydə alınmadığını bildirib.
Santyaqodan təxminən 800 kilometr şimalda yerləşən təbii qoruqda yağan yağışlar suyun qum təbəqələrinin daha dərin qatlarına hopmasına və bununla da geniş bitki örtüyünün formalaşmasına şərait yaradıb.
CONAF-ın hesablamalarına əsasən, çiçəklənmənin zirvə nöqtəsi oktyabr ayına təsadüf edəcək. Agentliyin proqnozlarına görə, təxminən 15 min hektar ərazi bu müddətdə çiçəklərlə örtüləcək.