Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 70 ölkədən 803 xarici nümayəndə daxil olmaqla 3000-dən çox iştirakçı qeydiyyatdan keçib.
Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin iqtisadi imkanlarının beynəlxalq investorlara çatdırılması, yeni tərəfdaşlıq sahələrinin müəyyən edilməsi və mövcud əlaqələrin dərinləşdirilməsi üçün əhəmiyyətli platforma kimi çıxış edir.
İqtisadiyyat Nazirliyi ilə "The European House – Ambrosetti & TEHA Group" arasındakı strateji əməkdaşlıq çərçivəsində keçirilən Forumun mövzusu "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" kimi müəyyənləşib. Qlobal iqtisadiyyatda gedən geosiyasi dəyişikliklər, ticarət gərginlikləri və təchizat zəncirlərindəki transformasiyalar fonunda bu mövzunun seçilməsi xüsusi məna kəsb edir.
Belə şəraitdə investisiya qərarlarının verilməsində etimad, sabitlik və proqnozlaşdırılabilənlik həlledici rol oynayır. Azərbaycanın ardıcıl iqtisadi kursu, investisiya mühitinin yaxşılaşdırılmasına yönəlik addımları və beynəlxalq əməkdaşlığa açıq mövqeyi ölkənin regionda gücünü artıran əsas faktorlardandır.
Tədbirin gündəliyi Azərbaycanı təkcə investisiya alan ölkə kimi deyil, nəqliyyat bağlantıları, enerji layihələri və regional əməkdaşlıq baxımından etibarlı tərəfdaş kimi də təqdim etməyə imkan yaradır. Bu il Foruma göstərilən marağın böyüklüyü diqqətçəkəndir: qeydiyyatdan 3000-dən artıq şəxs keçib, onların arasında 70 ölkədən 803 xarici nümayəndə iştirak edib.
İştirakçıların bu qədər geniş coğrafiyadan və müxtəlif sahələrdən olması Azərbaycanın investisiya gündəliyinin beynəlxalq maliyyə və biznes dairələrində nə dərəcədə maraq doğurduğunu göstərir. Tədbirdə dövlət nümayəndələri ilə yanaşı qlobal investorlar, biznes liderləri, maliyyə qurumlarının və nüfuzlu analitik mərkəzlərin təmsilçiləri də iştirak edib.
Beləliklə, Forum sadəcə təqdimatların keçirildiyi tədbir olmaqdan çıxıb, müxtəlif iqtisadi tərəflər arasında birbaşa əlaqələrin qurulduğu və konkret əməkdaşlıq imkanlarının müzakirə edildiyi geniş bir məkana çevrilib.
Hazırda dünya iqtisadiyyatı ciddi sınaqlarla üzləşib: ticarət münasibətlərində dəyişikliklər, təchizat zəncirlərinin yenidən qurulması, enerji və nəqliyyat marşrutlarının artan əhəmiyyəti və geosiyasi proseslər investisiya axınlarının istiqamətinə birbaşa təsir göstərir. Belə şəraitdə kapital sahibləri üçün təkcə bazar potensialı yox, uzunmüddətli fəaliyyət imkanları, iqtisadi sabitlik və etibarlı tərəfdaşlıq mühiti önəm qazanır.
Azərbaycanın investisiya forumuna göstərilən yüksək beynəlxalq maraq məhz bu kontekstdə əhəmiyyət kəsb edir. Tədbirin əsas hədəflərindən biri mövcud marağı konkret layihələrə və uzunmüddətli iqtisadi əməkdaşlığa çevirməkdir.
İnvestisiya forumlarının real dəyəri onların praktiki əməkdaşlığa çevrilə bilməsi ilə ölçülür. Bu baxımdan ötən il keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yekunları xüsusi maraq doğurur — o zaman ümumi dəyəri 10 milyard dollardan çox olan investisiya sazişləri imzalanıb, bunun 7 milyard dollardan çoxu qeyri-neft-qaz sektoruna yönəlib.
Bu rəqəmlər Azərbaycanın investisiya gündəliyinin təkcə enerji sahəsi ilə məhdudlaşmadığını, digər sektorlara da beynəlxalq kapital cəlb etmək potensialının mövcud olduğunu göstərir. Qeyri-neft-qaz sahəsinə yönəlmiş bu həcmdə investisiya iqtisadiyyatın şaxələndirilməsi baxımından xüsusi çəkiyə malikdir.
İkinci Forumda isə əməkdaşlıq sahələrinin daha da genişləndiyi görünür — sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan enerji, kənd təsərrüfatı, su resursları və idman kimi istiqamətlər üzrə sənədlər nəzərdə tutulub. Bu, Azərbaycanda investisiya imkanlarının sektorlar üzrə necə genişləndiyini əks etdirir.
Vacib olan təkcə imzalanan sazişlərin sayı və məbləği deyil, kapitalın hansı sahələrə yönəldilməsi, yeni texnologiyaların və biznes modellərinin iqtisadiyyata gətirilməsidir. Bu mənada Forum investisiya imkanlarının təqdimatı və yerli tərəfdaşlarla investorlar arasında əlaqələrin qurulması üçün praktiki alət rolunu oynayır.
Azərbaycanın son illərdə həyata keçirdiyi şaxələndirmə siyasəti, regional nəqliyyat və enerji layihələrindəki fəal iştirakı, yeni əməkdaşlıq formatlarının yaradılmasındakı rolu ölkənin investisiya cəlbediciliyini artıran mühüm amillərdir. Forum yalnız mövcud imkanları göstərməklə kifayətlənmir, həm də ölkənin dəyişən regional mövqeyi və uzunmüddətli inkişaf perspektivləri barədə müzakirə üçün meydan yaradır.
Beynəlxalq ticarət marşrutlarının yenidən formalaşdığı indiki şəraitdə Azərbaycanın coğrafi mövqeyinin strateji əhəmiyyəti artır. Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onu beynəlxalq yükdaşımalar üçün mühüm qovşağa çevirir, xüsusilə Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ilə Avropa arasındakı ticarət-logistika əlaqələrində Azərbaycanın rolunu gücləndirir.
Nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı logistika mərkəzlərinin, sənaye və emal müəssisələrinin, xidmət sektorlarının genişlənməsi ölkənin regional dəyər zəncirlərindəki iştirakını artıra bilər. Bu, Azərbaycanı sadəcə yüklərin keçdiyi ərazidən əlavə dəyər yaradılan mərkəzə çevirmək imkanı verir.
Yaradılan istehsal və logistika potensialı yalnız daxili bazarın tələbatını ödəməklə kifayətlənmir, həm də Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasındakı geniş regional bazarlara çıxış imkanları formalaşdırır.
Tədbirin diqqətçəkən cəhətlərindən biri Azərbaycanın iqtisadi potensialının ayrı-ayrı sahələr üzrə deyil, vahid inkişaf modeli çərçivəsində təqdim olunmasıdır. Forumun gündəliyinə iqtisadiyyat və maliyyədən əlavə enerji, kənd təsərrüfatı, ekologiya, yaşıl inkişaf, əmək bazarı, sosial siyasət, şəhərsalma və dayanıqlı inkişaf kimi mövzuların daxil edilməsi ölkənin çoxşaxəli investisiya potensialını göstərir.
Yaşıl iqtisadiyyata keçidin qlobal investisiya gündəliyinin əsas istiqamətlərindən birinə çevrildiyi bir dövrdə Azərbaycanın bu sahədəki imkanlarının təqdim olunması xüsusi önəm daşıyır. Bərpaolunan enerji, enerji səmərəliliyi, ekoloji dayanıqlılıq və müasir şəhər infrastrukturu həm dövlət siyasətində, həm də özəl sektorda yeni investisiya sahələri kimi önə çıxır.
Şəhərsalma və dayanıqlı inkişaf istiqamətləri Azərbaycanın yeni iqtisadi reallıqları baxımından ayrıca diqqət tələb edir. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, müasir yaşayış məntəqələrinin salınması, rəqəmsal və yaşıl həllərin tətbiqi müxtəlif sahələrdə yeni investisiya və əməkdaşlıq imkanları yaradır. Bu proses tikinti-infrastrukturla yanaşı texnologiya, enerji, nəqliyyat və xidmət sektorlarını əhatə edən geniş iqtisadi ekosistemin formalaşmasına şərait yaradır.
Forumun mühüm xüsusiyyətlərindən biri onun biznes dialoqu ilə yanaşı qlobal iqtisadi proseslərin ekspert səviyyəsində müzakirəsi üçün də meydan yaratmasıdır. "The European House – Ambrosetti" kimi nüfuzlu beynəlxalq qurumun strateji tərəfdaş qismində iştirakı tədbirin analitik tərəfini gücləndirir.
Beynəlxalq beyin mərkəzlərinin, ekspertlərin və müxtəlif ölkələrdən qərar qəbul edən şəxslərin iştirakı qlobal iqtisadiyyatdakı dəyişikliklərin fərqli aspektlərdən təhlil olunmasına imkan verir. İnvestisiya axınlarının yeni istiqamətləri, dəyişən geosiyasi mühit, iqtisadi siyasət qarşısında duran çağırışlar və gələcək trendlər belə platformalarda geniş kontekstdə müzakirə olunur.
Beləliklə, Forum təkcə biznes əlaqələrinin qurulduğu yer deyil, müxtəlif yanaşmaların və ekspert mövqelərinin toqquşduğu fikir mübadiləsi məkanı kimi çıxış edir. Bu cür müzakirələr Azərbaycanın iqtisadi gündəliyinin beynəlxalq ekspert dairələrində daha geniş tanınmasına, eləcə də qlobal iqtisadi məsələlər üzrə fikir mübadiləsinə şərait yaradır.
Forumun əhəmiyyəti yalnız imzalanan sənədlər və razılaşmalarla ölçülmür. Tədbir uzunmüddətli iqtisadi əlaqələr üçün yeni təmasların qurulmasına və tərəflər arasında dialoqun dərinləşməsinə xidmət edir. Nəticədə Forum investisiya təşəbbüslərini, biznes əlaqələrini və ekspert müzakirələrini vahid gündəlikdə birləşdirən mühüm iqtisadi platforma kimi formalaşıb — onun əhəmiyyəti həm konkret nəticələrdə, həm də Azərbaycanın beynəlxalq iqtisadi dialoqdakı iştirakının genişlənməsində özünü göstərir.