Sabirabadda “Azərişıq” ASC-nin təşkilatçılığı ilə Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının regional mərhələsi baş tutub. Yarışda ən yüksək nəticəni Salyan Elektrik Şəbəkəsi göstərib.
Sabirabad Elektrik Şəbəkəsində keçirilən tədbir Azərbaycanın Dövlət Himninin ifası ilə açılıb. Yarış “Azərişıq” ASC-nin Şirvan RETSİ üzrə bölgələrini əhatə edib və enerji sahəsində çalışan gənc mütəxəssislərin bilik və vərdişlərini yoxlamaq məqsədi daşıyıb.
Tədbirdə çıxış edən “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev bu cür maarifləndirmə layihələrinin əhəmiyyətini vurğulayıb. O, Ümumrespublika Yarışının peşəkar kadr potensialının yüksəldilməsində və gələcəyin energetiklərinin yetişdirilməsində önəmli rol oynadığını bildirib. Mirzəyev çıxışının sonunda yarışa qatılan bütün komandalara uğur diləyib.
Rəsmi açılışdan sonra yarışın ilk mərhələsinə start verilib. Bu bölümdə “Hacıqabul EŞ”, “Kürqırağı ŞS”, “Neftçala EŞ”, “Saatlı EŞ”, “Sabirabad EŞ”, “Salyan EŞ” və “Şirvan EŞ” komandaları nəzəri hazırlıqlarını sınaqdan keçiriblər. Komandalara ümumilikdə 20 açıq tipli sual təqdim olunub və onlar bu suallara cavab veriblər.
Yarışın ikinci hissəsində iştirakçılar praktiki biliklərini nümayiş etdiriblər. Hər komandaya 3 praktiki tapşırıq verilib və energetiklər bu tapşırıqları icra edərək peşə bacarıqlarını əyani şəkildə göstəriblər.
Hər iki mərhələnin ümumi yekununa əsasən regional turun qalibi “Salyan EŞ” komandası olub. Bu nəticə ilə komanda Ümumrespublika Yarışının Hadrutda keçiriləcək final mərhələsinə vəsiqə əldə edib.
“Azərişıq” ASC ölkənin müxtəlif bölgələrində işçilərin peşəkarlığını artırmaq məqsədilə mütəmadi olaraq oxşar yarışlar və maarifləndirici tədbirlər təşkil edir. Səhmdar Cəmiyyət bu tədbirlərin əsas hədəfini əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhlükəsizlik qaydalarına ciddi əməl olunması və insan həyatının qorunması kimi müəyyənləşdirib. Bildirilib ki, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.