Kamran Əliyev UNODC nümayəndə heyətini qəbul etdi
21 sen 2026 Post redaksiyası 7 3 dəq

Kamran Əliyev UNODC nümayəndə heyətini qəbul etdi

Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Terrorçuluğun qarşısının alınması şöbəsinin rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Terrorçuluğun qarşısının alınması şöbəsinin (TPB) rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları qarşılayan Baş prokuror Roberto Arbitrionun 21–23 sentyabr tarixlərində keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak üçün ölkəyə səfərini yüksək dəyərləndirib. O, bu səfərin Baş Prokurorluqla UNODC arasında, xüsusən də Terrorçuluğun qarşısının alınması şöbəsi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Kamran Əliyev Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsindəki strateji yerləşməsinin ölkəni transmilli təhdidlərlə mübarizədə əhəmiyyətli tərəfdaşa çevirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan Orta Dəhliz boyunca təhlükəsizliyin qorunması, həmçinin korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində regionda aparılan müxtəlif təşəbbüs və layihələrin fəal iştirakçısıdır.

Əvvəlki əməkdaşlıq təcrübəsi xatırlanıb

Tərəflər son illərdə Baş Prokurorluq ilə UNODC arasında qurulmuş konkret əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər. Bu baxımdan 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 çərçivəsində "İqlim fəaliyyəti naminə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda təşkil olunmuş Yüksək Səviyyəli Plenar Sessiyanın müvəffəqiyyəti xüsusi qeyd olunub.

Bundan başqa, 20-23 may 2025-ci il tarixlərində Bakıda keçirilmiş BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası da tərəflər arasındakı əməkdaşlığın uğurlu nümunəsi kimi vurğulanıb. Tədbirdə 92 ölkəni təmsil edən 120-dən çox dövlət qurumundan 300-dən artıq nümayəndə iştirak edib.

Terrorçuluğa qarşı mübarizə istiqamətləri müzakirə olunub

Görüşdə UNODC-nin Terrorçuluğun qarşısının alınması şöbəsi ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyi bir daha qeyd edilib. Tərəflər terrorçuluqla bağlı yeni yaranan təhdidlər, terrorçuluğun maliyyələşdirilməsi, terrorçuluq ilə mütəşəkkil cinayətkarlıq arasındakı bağlılıq, kritik infrastrukturun mühafizəsi və yeni texnologiyalarla virtual aktivlərdən terror məqsədləri üçün sui-istifadə hallarına qarşı mübarizə kimi mövzular üzrə praktiki əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Baş prokuror həmçinin 26 sentyabr-1 oktyabr 2026-cı il tarixlərində Əbu-Dabidə keçiriləcək BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Konqres çərçivəsində planlaşdırılan əlavə tədbirlər üzrə Azərbaycan prokurorluq orqanları ilə UNODC arasında sıx koordinasiya aparılır.

Qeyd edilib ki, Baş Prokurorluq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizədə, ekoloji cinayətlərin qarşısının alınmasında, eləcə də cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verir. UNODC ilə fəal və nəticəyönümlü tərəfdaşlığın davam etdiriləcəyi bildirilib. Görüş çərçivəsində tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.