Prezident İlham Əliyev Sərvər Bəşirlinin hekayəsini xatırladı
18 sen 2026 Post redaksiyası 6 2 dəq

Prezident İlham Əliyev Sərvər Bəşirlinin hekayəsini xatırladı

Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərinin təhlükəsizlik strukturlarının rəhbərləri ilə görüşdə 2023-cü il Kahramanmaraş zəlzələsi zamanı Türkiyəyə kömək göndərən azərbaycanlı Sərvər Bəşirlinin hekayəsini yada saldı.

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün bir sıra türk dövlətlərinin təhlükəsizlik qurumlarının rəhbərlərini qəbul edib. Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş, Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov, Qazaxıstanın Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva və Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağa iştirak edib.

Zəlzələ zamanı köməyə tələsən azərbaycanlı

Söhbət zamanı Okay Memiş 2023-cü ilin fevral ayında Türkiyədə baş verən Kahramanmaraş zəlzələsini xatırlayıb. O, həmin fəlakət zamanı dünyanın müxtəlif yerlərindən yardım göndərildiyini, bu sırada bir azərbaycanlının da öz köhnə qırmızı avtomobili ilə köməyə gəldiyini bildirib.

Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi.

Prezident İlham Əliyev bu sözlərə cavabında həmin azərbaycanlının vəziyyətini xatırladıb və onun əlində olan hər şeylə köməyə gəldiyini bildirib.

Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi.

Unudulmayacaq hadisə kimi qiymətləndirilib

Okay Memiş isə bu hadisənin Türkiyə tərəfi üçün çox dəyərli olduğunu vurğulayıb və onu unudulmaz bir addım kimi dəyərləndirib.

Cənab Prezident, bu, inanılmaz bir hadisədir. Yəni bu, əlbəttə, bizim unuda biləcəyimiz bir hadisə deyil.

Söhbətdə xatırladılan bu hadisə 2023-cü ildə Kahramanmaraş zəlzələsindən sonra Sərvər Bəşirlinin qırmızı avtomobili ilə yardım əşyaları daşıyaraq Türkiyəyə getməsi ilə bağlıdır.