Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, şəhərdəki tıxacları aradan qaldıra bilməyənlər vətəndaşlardan üzr istəməlidir.
Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında tıxac problemi müzakirə mövzusu olub. Komitə sədrinin müavini Arzuxan Əlizadə iclasa gecikdiyini xatırladaraq, bunun səbəbini şəhərdəki nəqliyyat sıxlığı ilə əlaqələndirib.
“İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”
Deputat bildirib ki, paytaxtda yaranan tıxaclar artıq dözülməz həddə çatıb və bu problemin ciddi diqqət tələb etdiyini vurğulayıb.
Əlizadə həmçinin qeyd edib ki, tıxaclar səbəbindən yaranan gecikmələr təkcə gündəlik həyata deyil, iş yerlərindəki münasibətlərə də mənfi təsir göstərir.
“Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”
Deputatın sözlərinə görə, bu vəziyyət həm işçilər, həm də rəhbərlik üçün əlavə gərginlik yaradır və məsələnin həlli üçün müvafiq addımların atılması zəruridir.