Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə fəaliyyətə başlayan ilk fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş ilk fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. Görüş zamanı səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Dövlət başçısı Azərbaycan-Estoniya münasibətlərinin genişlənməsi üçün müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.
Bu baxımdan dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Komissiyanın vitse-prezidenti Kaya Kallasın bu il ölkəmizə etdiyi səfərləri xatırladıb. Prezident İlham Əliyev yeni səfirə fəaliyyətində uğurlar arzulayıb.
Tiina Nirk Estoniyanın Azərbaycana təyin etdiyi ilk səfir olmaqdan qürur duyduğunu bildirib. O, Azərbaycan-Estoniya, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin dərinləşməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
Səfir Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyinə diqqət çəkərək, siyasi dialoq, biznes, informasiya texnologiyaları və logistika kimi sahələrdə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu bildirib.
Tiina Nirk təhsil istiqamətində də geniş potensialın olduğunu diqqətə çatdıraraq, hazırda təxminən 200 azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd edib. Səfir eyni zamanda Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək dəyərləndirib.
Görüşdə Estoniyanın Bakıda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin daha da güclənməsinə töhfə verəcəyi vurğulanıb. Tərəflər həmçinin iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunaraq qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.